Türkiyə Super Liqasının 26-cı turunun “Alanyaspor”la səfər oyunu “Fənərbaxça”nın hücumçusu Enner Valensiya üçün əlamətdar olub. Arena.az xəbər verir ki, ekvadorlu futbolçu bu oyunda dubla imza atmaqla komandasının 3:1 hesablı qələbəsində əsas pay sahiblərindən biri olub.
Bu dubl sayəsində Valensiya cari mövsümdə “Fənərbaxça”da vurduğu qolların sayını 29-a çatdırıb. Bu isə İstanbul təmsilçisinin tarixində legionerlər arasında yeni rekorddur. Enner mövsümün qalan hissəsində bu göstəricini daha da əlçatmaza çevirmək şansına malikdir.
Əvvəlki rekord “Fənərbaxça”nın əfsanəvi futbolçusu Aleks de Souzaya məxsus idi. Braziliyalı futbolçu vaxtilə İstanbul təmsilçisində bir mövsümə 28 qol vurmuşdu. O, bunu 2010/11 mövsümündə rəsmiləşdirmişdi.
Xatırladaq ki, Enner Valensiya 2020-ci ilin avqust ayından “Fənərbaxça”da forma geyinir. 33 yaşlı futbolçu bu müddətdə Türkiyə klubunun heyətində 103 matça çıxıb. O, bu görüşlərdə 55 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. Ekvadorlu forvard daha öncə “Emelek”, “Paçuka”, “Vest Hem”, “Everton” və “Tiqres UANL” kimi klubların da formasını geyinib. O, Ekvador milli komandasında da 77 oyuna çıxıb və 38 qola imza atıb.


