“Bayern”in 30 yaşlı ingilis mərkəz müdafiəçisi Erik Dayer İngiltərə yığma komandasının ölçülərinə uyğun olduğuna inanır.
Arena.az Dayerin bu barədə fikirlərini təqdim edir:
“Antonio Konte “Tottenhem”ə gələndən bəri karyeramın ən yaxşı futbolunu oynayıram. İnsanlar mənim 37 yaşım olduğunu və ya başqa bir şey düşünürlər, amma mənim 30 yaşım var və hələ öz tərəqqimin sonuna yaxın deyiləm.
Milli komandaya çağırılma imkanım varmı? Mən İngiltərə yığmasının bir hissəsi olmaq istəyirəm. İnanıram ki, bunun bir hissəsi olmalıyam, çünki mən lazımi səviyyəli oyunçuyam”, deyə Dayer əminliklə bildirib.
Xatırladaq ki, Dayer 2024-cü ilin yanvarında “Tottenhem”dən icarə əsasında “Bayern”ə keçmişdi. Bir müddət əvvəl, futbolçunun icarə müddəti bitdikdən sonra Almaniya nəhənginin düşərgəsində qalacağı açıqlanmışdı.
Dayer “Bayern”in heyətində bütün yarışlarda 16 oyuna çıxıb. O, bu oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Erik Dayer Lissabon “Sportinq”inin yetirməsidir. Bir müddət “Everton”un gənclərdən ibarət komandasında icarə əsasında çıxış etdikdən sonra, “Sportinq” Dayeri 5 milyon avroya “Tottenhem”ə satıb.
Erikin karyerasının böyük hissəsi “Tottenhem”də keçib. O, bu komandanın heyətində 364 oyuna çıxıb, 13 qol və 12 assistlə yadda qalıb. Amma 30 yaşlı Dayer futbolda heç bir qənimət qazanmayıb.
Dayer 2015-ci ilin noyabrında dedüt etdiyi İngiltərə yığmasının heyətində 49 oyun keçirib, 3 qol vurub.
“Transfermarkt” internet-portalı 30 yaşlı Erik Dayerin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


