“Fənərbaxça” Emre Belözoğlu ilə vidalaşdı

Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi, eyni zamanda idman direktoru kimi fəaliyyət göstərən Emre Belözoğlu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub gənc mütəxəssisə xidmətlərinə görə təşəkkür edib. Belözoğlu da “Fənərbaxça” üçün vida mesajı paylaşıb. O, klub prezidenti də daxil olmaqla komandanın azarkeşlərinə qədər hər kəsə dəstəyə görə minnətdarlıq edib.

Emre Belözoğlu futbolçu karyerasını başa vurandan sonra “Fənərbaxça”da çalışmağa başlamışdı. Bu ilin mart ayında klub rəhbərliyi baş məşqçi Erol Bulutu istefaya göndərəndən sonra, komanda Belözoğluna tapşırılmışdı. İdman direktoru kimi fəaliyyət göstərən Emre, qısa məşqçilik dönəmində ciddi uğur qazana bilməyib. Düzdü, o, komandanı meydana çıxdığı 10 oyunda 7 qələbə sevinci yaşayıb. Qalan oyunlardan ikisi heç-heçə, biri məğlubiyyətlə başa çatıb. Bu görüşlərdə 18 qol vuran “Fənərbaxça”, 10 qola üzülüb. Lakin qazanılan 23 xal İstanbul təmsilçisinin çempion olması üçün yetərli olmayıb.

Qeyd edək ki, “Fənərbaxça” Super Liqada geridə qalan mövsümü 82 xalla 3-cü pillədə başa vurub. İstanbul təmsilçisi çempion olan “Beşiktaş”dan cəmi 2 xal geri qalıb.