Türkiyə çempionu “Qalatasaray”da rəhbərlik uruqvaylı qapıçı Fernando Muslera ilə müqavilənin müddətini artırmaq istəyir.
Arena.az xəbər verir ki, tərəflər xeyli müddətdir bununla bağlı danışıqlar aparsalar da, ortaq məxrəcə gələ bilmirlər.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İddiaya görə, “Qalatasaray” təcrübəli qapıçı ilə 1+1 illik şərtlə yeni müqavilə bağlamaqda maraqlıdır. 37 yaşlı qolkiper yeni sözləşməyə əsasən ilinə 1,5 milyon avro qazanacaq.
Uruqvaylı qapıçı isə bu şərtlərlə razı deyil. O, müqavilənin müddətinin 2+1 illik, illik məvacibinin isə 2,2 milyon avro olmasını tələb edir. Tərəflər arasında razılıq əldə edilməzsə, Muslera karyerasına Uruqvayda davam etməli olacaq. Qapıçının mövcud müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununda bitəcək.
Fernando Muslera 2011-ci ilin avqust ayından “Qalatasaray”da çıxış edir. Uruqvaylı qolkiper bu komandanın heyətində bütövlükdə 495 oyun keçirib. O, bu oyunlarda 527 qol buraxıb, 177 qarşılaşmada isə qapısının toxunulmazlığını təmin edə bilib.
Muslera 13 illik “Qalatasaray” karyerası ərzində 15 kubok qazanıb:
Super Liqa: 2011/2012, 2012/2013, 2014/2015, 2017/2018, 2018/2019, 2022/2023.
Türkiyə Kuboku: 2013/2014, 2014/2015, 2016/2016, 2018/2019.
Türkiyə Super Kuboku: 2012, 2013, 2015, 2016, 2019.
Muslera 2016-cı ildə “İlin futbolçusu” mükafatını da qazanıb.
Fernando daha öncə İtaliyada “Latsio”nun, ölkəsində isə “Nasional” və “Montevideo Uonderers” klublarının da formasını geyinib.
Təcrübəli qolkiper 2009-cu ilin oktyabr ayında debüt etdiyi Uruqvay yığmasında da 116 oyun keçirib. O, bu oyunlarda 135 qol buraxıb, 54 matçdan “quru” çıxıb.
“Transfermarkt” internet-portalı Musleranın transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.
Bahar Rüstəmzadə


