Bu yay “Neftçi”dən azad agent kimi ayrılmış yarımmüdafiəçi Filip Ozobiç bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Təcrübəli oyunçu yeni klubunda 26 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, 2023-cü ilin yayından “Neftçi”də çıxış edən Filip Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.
Ozobiç daha öncə Azərbaycanda “Qəbələ” və “Qarabağ” klublarının da formasını geyinib. O, “Slaven Belupo”, “Spartak” (Moskva) və “Hayduk”un da uğurları üçün çalışıb.
Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış, hətta bu ölkənin əsas millisində də 2 oyun keçirmiş Ozobiç 2021-ci ilin sentyabrından etibarən Azərbaycan yığmasında çıxış etməyə başlayıb. Hazırda 34 yaşı olan Filip vaxtilə milli komandamızın heyətində 15 oyun keçirib, 1 qola imza atıb.
“Turan Tovuz” daha öncə David Tavares, Abdulla Rzayev, Roberto Olabe və Oleq Baklovla da müqavilə bağlamışdı. İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski, Sadiq Quliyev və Orxan Əliyev isə komandanı tərk ediblər.


