Florentino Peres böhtan işi üzrə məhkəməyə çağırıldı

Madrid “Real”ının prezidenti Florentino Peres İspaniyanın digər klubu “Barselona”ya böhtan atmaq işi üzrə məhkəməyə çağırılıb.

Arena.az xəbər verir ki, məhkəmə iclası noyabrın 25-də keçiriləcək.

Florentino Peres “Barselona”nın hakimlərə rüşvət verməklə Madrid klubundan çoxsaylı titullar oğurladığı barədə açıqlamalarına görə məhkəmə qarşısında cavab verməlidir. “Barselona” Peresdən daha əvvəl səsləndirdiyi fikirlərdən imtina etməsini tələb edir.

Qeyd edək ki, 2023-cü ildə “Barselona” İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Enrike Neqreyraya ödənişlərlə bağlı rüşvətxorluqda ittiham olunub. KİV-in məlumatına görə, Neqreyra 2001-2018-ci illər ərzində “Barselona” ilə bağlı hakimlərin fəaliyyəti üzrə məsləhət xidmətləri göstərdiyi iddia edilərək klubdan təxminən 7 milyon avro alıb.

“Real”ın prezidenti may ayında “Neqreyra işi” ilə bağlı açıqlamalar verərək, “Barselona”nın həmin dövrdə əldə etdiyi titulların legitimliyini şübhə altına alıb. Peres daha sonra klubundan yeddi İspaniya çempionluğu titulunun “oğurlandığını” bildirib.

“Real” “Barselona”nın avrokuboklardan uzaqlaşdırılmasını, həmçinin Neqreyranın fəaliyyət göstərdiyi dövrdə qazandığı titulların ləğv edilməsini tələb edib.

Həmin dövrdə “Barselona” 9 dəfə İspaniya çempionu olub, 6 dəfə ölkə kubokunu və 8 dəfə İspaniya Super Kubokunu qazanıb.

“Real” daha əvvəl “Neqreyra işi” ilə bağlı hesabatı UEFA-ya təqdim etdiyini də açıqlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: