Françesko Totti özünün mükəmməl futbolçusunu tərtib etdi

“Roma”nın əfsanəvi italyan hücumçusu Françesko Totti, onun fikrincə, mükəmməl futbolçunun hansı keyfiyyətlərə malik olması haqda söhət açıb.

Arena.az “Goal” dərgisinin “Betsson Sport” dərgisinə istinadı əsasında, keçmiş futbolçunun bu barədə fikrini təqdim edir:

“Onda Kristiano Ronaldunun sağ ayağı, Dieqo Maradonanın sol ayağı, Luka Toninin başla zərbəsi, Ronaldonun sürəti, Lionel Messinin driblinqi, Cud Bellingemin fizikası və mənim oyuna baxışım olmalıdır”, deyə Totti vurğulayıb.

Xatırladaq ki, Françesko Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb.

Totti 1992/1993-cü illər mövsümündən 2016/2017-ci illər mövsümünə qədər “Roma”nın futbolçusu olub. İtaliyan hücumçu bu müddətdə “canavalar”ın heyətində bütün yarışlarda 785 oyunda iştirak edib, 307 qol vurub, 210 məhsuldar ötürmə verib.

Totti “Roma” ilə İtaliya A Seriyasının (2000/2001), İtaliya Kubokunun (2006/2007, 2007/2008), İtaliya Super Kubokunun (2001/2002, 2007/2008) qalibi olub. Françesko 2006/2007-ci illər mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub. Əfsanəvi futbolçu həmçinin 5 dəfə (2000, 2001, 2003, 2004, 2007) İtaliyada ilin futbolçusu seçilib.

Totti İtaliya yığmasında 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının (DÇ-2006) qalibi olub.

Françesko Totti “Roma” azarkeşlərinin sevimlisidir və “canavarlar”ın canlı əfsanəsi qəbul edilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: