Françesko Totti: “Roma”ya qayıtmayacağam!”

“Roma”nın sabiq hücumçusu, əfsanəvi Françesko Totti rəhbərlik vəzifələrindən birində “Roma”ya mümkün qayıdışı haqda sualı cavablayıb.

Arena.az “Cult of Calcio” dərgisinə istinadən, Tottinin cavabını təqdim edir:

“Mən heç vaxt geri qayıtmayacağam. Hər dəfə mənə bu sualı verirsiniz. Bir daha qayıtmayacağam!”, deyə “canavarlar”ın canlı əfsanəsi vurğulayıb.

Xatırladaq ki, Françesko Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb.

Totti 1992/1993 mövsümündən 2016/2017 mövsümünə qədər “Roma”nın futbolçusu olub. İtaliyan hücumçu bu müddətdə “canavalar”ın heyətində bütün yarışlarda 785 oyunda iştirak edib,
307 qol vurub, 210 məhsuldar ötürmə verib.

Totti “Roma” ilə İtaliya A Seriyasının (2000/2001), İtaliya Kubokunun (2006/2007, 2007/2008), İtaliya Super Kubokunun (2001/2002, 2007/2008) qalibi olub. Françesko 2006/2007 mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub. Əfsanəvi futbolçu həmçinin 5 dəfə (2000, 2001, 2003, 2004, 2007) İtaliyada ilin futbolçusu seçilib.

Totti İtaliya yığmasında 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının qalibi olub.

Françesko Totti “Roma” azarkeşlərinin sevimlisidir və klubun canlı əfsanəsi qəbul edilir.