Fredrik Midtsyo “Qalatasaray”ı “Pendikspor”a dəyişdi

Futbol üzrə Norveç yığmasının və Türkiyənin “Qalatasaray” klubunun yarımmüdafiəçisi Fredrik Midtsyo “Pendikspor”a keçib.

Arena.az xəbər verir ki, İstanbul klubu 30 yaşlı futbolçunu Super Liqanın yeni təmsilçisinə 3 milyon avroya satıb.

Mərkəz yarımmüdafiəçisi yeni klubu ilə 2 illik (2025-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb.

Fredrik Midtsyo “Qalatasaray”a 2022-ci ilin avqust ayında 3,5 milyon avro qarşılığında Niderland “Alkmar”ından keçmişdi. O, Türkiyə nəhəngində 28 oyun keçirib, 2 qol, 2 məhsuldar ötürmə müəllifi və Super Liqanın qalibi olub.

Midtsyo karyerası ərzində “Alkmar”, “Rusenborq”, “Sandnes”, “Ranheym” kimi klublarda da forma geyinib. O, Norveç milli komandasında da 11 oyun keçirib.

“Qalatasaray”ın mərkəz müdafiəçisi Emin Bayram da Belçikanın “Vesterlo” klubuna keçib. Belçikalılar 20 yaşlı türkü bu mövsümün sonuna (2024-cü ilin 30 iyununa) kimi icarəyə götürüblər.

Emin Bayram “Qalatasaray”ın öz yetirməsidir. Gənc futbolçu İstanbul nəhənginin əsas komandasında 20 oyun keçirib. O, 2021/2022 mövsümündə “Boluspor”da da icarədə olub. Türkiyənin U-15, U-16, U-17, U-19 yığmalarında da oynamış Emin hazırda U-21-ə dəvət alır.

Hücumçu Oğulcan Çağlayan isə “Qalatasaray”dan birdəfəlik ayrılıb. 27 yaşlı futbolçu azad agent kimi Super Liqanın digər təmsilçisi “Qaziantep”ə keçib. O, yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

“Qalatasaray” Oğulcanı 2020-ci ilin yayında “Rizəspor”dan 1,15 milyon avroya almışdı. Amma o, bu komandada cəmi 29 oyuna çıxıb, 4 qol və 1 assistlə yadda qalıb. Çağlayan son iki mövsümdə “Eyüpspor”, “Girəsunspor” və “Pendikspor”da icarədə olub. O, “Qaziantepspor”, “Kayseri Ərciyəsspor”, “Kayserispor”, “Rizəspor” və “Qazişəhər Qaziantep”də də oynayıb.

Yeri gəlmişkən, “Qaziantep” Yunanıstanın “Aris” klubunun kamerunlu mərkəz müdafiəçisi Nikolas N’Kulunu da transfer edib. 33 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. “Monako”, “Olimpik” (Marsel), “Olimpik” (Lion), “Torino”, “Uotford” kimi klublarda da oynamış müdafiəçi ötən ilin yayından “Aris”də forma geyinirdi. O, Kamerun yığmasında da 83 oyuna çıxıb, 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: