Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor” klubunun kapitanı Hakan Özmert uzun illər formasını geyindiyi bu komandanı tərk edib. Arena.az xəbər verir ki, bu barədə Antalya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Komandanın kapitanı olan 37 yaşlı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Artıq Hakanın yeni iş yeri də məlumdur. O, aşağı liqa təmsilçisi “Bodrumspor”a transfer olunub. Təcrübəli yarımmüdafiəçi yeni klubu ilə bu mövsümün sonuna kimi anlaşıb.
Xatırladaq ki, Hakan Özmert 2018-ci ilin yanvar ayından “Antalyaspor”un uğurları üçün çalışırdı. Yarımmüdafiəçi 2007-2010-cu illər aralığında da bu komandanın formasını geyinib. Təcrübəli oyunçu Antalya təmsilçisində bütövlükdə 188 oyuna çıxıb. O, bu görüşlərdə 15 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.
Özmert “Kardemir Karabükspor”, “Sakaryaspor”, “Orduspor”, “Başakşəhər”, “Kasımpaşa” və “Sivasspor”un da formasını geyinib. O, Türkiyənin U-16, U-18 və U-19 yığmalarında da oynayıb.


