Futbol üzrə Avstraliya milli komandasının mərkəz müdafiəçisi Harri Suttar İngiltərənin “Lester Siti” klubuna transfer olunub. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Çempionşipdə mübarizə aparan “Stok Siti”dən transfer olunan müdafiəçi ilə 2028-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. “Lester Siti” bu transfer üçün “Stok Siti”yə 17 milyon avro ödəyib.
Şotlandiyada dünyaya göz açmış Harri Suttar “Seltik”in yetirməsi olsa da, peşəkar karyerasına “Dandi Yunayted”də başlayıb. O, 2016-cı ildən oynadığı “Stok Siti”də 70 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. 24 yaşlı futbolçu bu müddətdə “Ross Kaunti” və “Filtvud Taun” klublarında icarədə də oynayıb. Şotlandiyanın aşağı yaş qrupları üzrə milli komandalarında oynamış futbolçu sonda Avstraliya yığmasında çıxış etməyə qərar verib. O, bu komandada 14 oyun keçirib, 6 qol da vurub.
“Lester Siti” yarımmüdafiəçisi Mark Olbraytonla hücumçusu Ayose Peresi də icarəyə verib. Olbrayton “Vest Bromviç”, Peres isə “Betis”ə keçib. Hər iki futbolçu mövsümün sonunadək icarədə olacaq.
Mark Olbrayton “Aston Villa”nın yetirməsidir. O, bu klubda olarkən “Uiqan” klubunda icarədə də olub. 2014-cü ildən “Lester Siti”də çıxış edən 33 yaşlı futbolçu bu komandada 295 matç keçirib, 19 qol və 47 məhsuldar ötürmə ilə yadda qalıb. Olbrayton vaxtilə İngiltərənin U-20 və U-21 yığmalarında da oynayıb.
Ayose Peres isə “Tenerife”nin yetirməsidir. 2019-cu ildən “Lester Siti”də olan 29 yaşlı forvard İngiltərədə “Nyukasl”ın da (2014-2019) formasını geyinib. İspaniyadan olan futbolçu Lester klubunda 114 oyuna 15 qol vurub və 12 məhsuldar ötürmə verib.
Yeri gəlmişkən, Ayose Peresi İspaniyaya qaytaran “Betis” iki oyunçusunu da icarəyə verib. La Liqa təmsilçisi Loren Moronu “Las Palmas”a, Dieqo Laynesi isə “Tiqres UANL” klubuna icarəyə göndərib. Viktor Kamarasa isə “Betis”dən birdəfəlik ayrılaraq azad agent kimi “Real Ovyedo”ya keçib.


