Kosovo millisinin də üzvü olan mərkəz müdafiəçisi İbrahim Dreşeviç Türkiyənin “Fatih Karagümrük” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, kosovolu futbolçu bundan sonra karyerasını Yaponiyada davam etdirəcək.
Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Dreşeviç “Maçida Zelviya” klubuna transfer olunub:
“Oyunçumuz İbrahim Dreseviçin Yaponiya 1-ci Liqa komandalarından olan “Maçida Zelviya”ya transferi ilə bağlı razılıq əldə olunub. Bu günə qədər klubumuza göstərdiyi səylərə görə ona təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq”.
İbrahim Dreşeviç “Fatih Karagümrük”ə 2022-ci ilin iyulunda Niderlandın “Herenven” komandasından gəlmişdi. Onun “qırmızı-qaralar”la mövsümün sonunda başa çatacaq müqaviləsi var idi. İstanbul təmsilcisində 52 matça çıxmış 26 yaşlı müdafiəçi 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Herenven”dən başqa “Elfsborq”un da formasını geyinib.
İsveçdə dünyaya göz açdığı üçün bu ölkənin aşağı yaş qruplarında oynamış Dreşeviç 2019-cu ildən Kosovo yığmasında oynamağa qərar verib. Həmin ilin oktyabr ayında Kosovo millisində debüt etmiş müdafiəçi bu komandanın heyətində 25 oyuna çıxıb.
Nihad Əsədov


