İlhan Palut “Konyaspor”dan göndərildi

Türkiyənin “Konyaspor” klubu əsas komandanın baş məşqçisi İlhan Palut ilə yollarını ayırmağa qərar verib. Arena.az xəbər verir ki, bu gün 46 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında görüş olub.

Görüşdə türkiyəli mütəxəssislə yolların ayrıldığı diqqətə çatdırılıb. Klub rəhbərliyi ona xidmətlərinə görə təşəkkür edib, ona gələcək kayrerasında uğurlar arzulayıb. İstefaya səbəb kimi komandada yeni nəfəsə ehtiyac olması göstərilib. Türkiyə mətbuatı Palutun əcnəbi mütəxəssislə əvəzlənəcəyini iddia edir.

Xatırladaq ki, İlhan Palut 2021-ci ilin fevral ayından etibarən bu komandaya rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 83 matça çıxarıb. “Konyaspor” bu görüşlərdə 37 qələbə qazanıb, 26 heç-heçə edib və 20 məğlubiyyətə üzülüb.

“Konyaspor” bu mövsüm 18 oyuna topladığı 27 xalla Super Liqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Ötən mövsüm isə bu komanda Super Liqanı 3-cü pillədə başa vurmuş, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: