İlkay Gündoğanın başına tikiş qoyuldu

“Barselona”nın türkəsilli alman mərkəz yarımmüdafiəçisi İlkay Gündoğan idman zalında məşq edərkən ehtiyatsızlıqdan zədələnib.

Arena.az “Barselona”nın mətbuat xidmətinə istinadən məlumat verir ki, İlkay qantellərlə məşq edərkən başından yaralanıb.

Daha sonra Gündoğanın yarası müayinə edilib və yara yuyularaq tikiş qoyulub.

Xatırladaq ki, İlkay “Barselona”ya cari ilin iyulunda “Mançester Siti”dən azad agent qismində keçib. Gündoğanın Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Gündoğan “Barselona”nın heyətində 24 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, İlkay geridə qalmış 2022/2023 mövsümündə “Mançester Siti”nin İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanaraq “trebl”ə imza atmasında böyük xidmətlər göstərib və “şəhərlilər”in kapitanı olub.

İlkay Gündoğan hazırda kapitanı olduğu, 2011-ci ilin oktyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 73 oyuna 18 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: