“İnter” futbolçuları Turində çimməyə su tapmadılar

Noyabrın 26-da İtaliya A Seriyasının 13-cü turu çərçivəsində Turinin “Alyans” stadionunda “Yuventus” “İnter”i qonaq qəbul edib.

Arena.az xatırladır ki, oyun 1:1 hesabı ilə başa çatıb.

Oyunun 27-ci dəqiqəsində “byankoneri”nin serb mərkəz hücumçusu Duşan Vlahoviç hesabı açıb. 33-cü dəqiqədə isə “neradzurri”nin fransalı mərkəz hücumçusu Markuz Türam bərabərlik qolunu vurub. Bundan sonra komandalar xeyli tər töksələr də, hesab dəyişməyib.

“İnter” 32 xalla A Seriyasının turnir cədvəlində lider, “Yuventus” isə 30 xalla liderin təqibçisi mövqeyində qalıb.

Ən maraqlı hadisə isə oyundan sonra baş verib. Yuyunub dincəlmək məqamı çatanda “İnter”in futbolçuları hamamda su tapmayıblar. “Qoca sinyora”nın xeyli xərc qoyub inşa etdiyi “Alyans”da çimməyə bir qətrə su olmayıb.

“La Gazzetta dello Sport” məlumat verir ki, “quraqlığ”a səbəb nasosların nasazlığı ucbatından stadionun su təchizatı sisteminin sıradan çıxması olub. “İnter”in futbolçuları elə, tərli-tərli, yorğun halda Milana qayıtmalı olublar.

İstər-istəməz yada dahi bəstəkarımız Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı “O olmasın, bu olsun” filmindən hamamçı Məşədi Qəzənfərin baqqal Məşədi İbada ünvanladığı sual yada düşür: “Məşədi, hamam xoşunuza gəldi?”.

Müvafiq hallar cərimə nəzərdə tutsa da, “İnter” rəhbərliyi öz növbəsində hadisəni şişirtməməyi qərara alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: