“İrəvan” dağılır? – Birinci Liqa klubu borclarını ödəyə bilmir

Birinci Liqada 2023/2024 mövsümünə fırtına kimi başlasa da, maliyyə problemi ilə üzləşən “İrəvan”da böhran davam edir.

Arena.az saytının əldə etdiyi məlumata görə, klub futbolçularına olan borclarını ödəyə bilmir.

Klubla belə problem yaşayan oyunçuların sırasına yarımmüdafiəçi Vüsal Qənbərov da qoşulub. 21 yaşlı futbolçu da aylardır maaşını ala bilmir.

AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi hələ bir neçə ay öncə bu klubla bağlı qərar çıxarmışdı. Qərarda bildirilirdi ki, “İrəvan” Futbol Klubu tərəfindən Əlizadə Asim Xosrov oğluna ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləği 1 may 2024-cü il tarixinədək ödənilməlidir. O cümlədən hər ay futbolçuya ödənilməli olan xidmət haqqı məbləği tərəflər arasında mövcud olan müqavilənin sonuna qədər Asim Əlizadəyə ödənilməli idi.

Əldə etdiyimiz məlumata görə, klub Asim Əlizadənin də borcunu ödəməyib. Bir sözlə, Birinci Liqa təmsilçisində problemlər bitmək bilmir.

Xatırladaq ki, “İrəvan” Birinci Liqada 2023/2024 mövsümünü 9-cu sırada başa vurub. Reqlamentə əsasən, bu komanda Birinci Liqada qalmaq üçün İkinci Liqada 2-ci yeri tutmuş “Cəbrayıl”la pley-off oyununda üz-üzə gəlməlidir. Lakin klubun üzləşdiyi maliyyə çətinlikləri və oyunçularla bağlı problemi yoluna qoya bilməməsi “İrəvan”ın cəzalanmasına səbəb ola bilər. Belə ki, tezliklə bu klubla bağlı rəsmi qərarın açıqlanması gözlənilir. Böyük ehtimmalla Birinci Liqa təmsilçisi çempionatdan kənarlaşdırılacaq. Hətta klubun dağılması da istisna edilmir. Aylardır klubdan pulunu ala bilməyən futbolçuların aqibətinin necə olacağı isə böyük sual altındadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: