Futbol üzrə İsveç çempionatının qalibi məlum olub. Arena.az xəbər verir ki, sonuncu – 30-cu turda doğma meydanda “Halmstad”la oyundan qolsuz heç-heçə ilə ayrılan “Malmö” çempion olub.
“Malmö” ilə yanaşı, AİK də çempionatı 59 xalla bitirib. Hansı ki, bu komanda həlledici turda doğma meydanda “Sirius”dan üstün olub – 4:2. Şəxsi oyunlarda üstün olan “Malmö” mövsümün qalibi elan olunub. AİK isə gümüş medallarla kifayətlənib.
Bürünc medallar “Yurqarden”ə qismət olub. Bu komanda son turda “Haken”lə səfər oyunundan 1:0 hesabıyla qalib ayrılıb.
Azərbaycan millisinin sabiq üzvü Emin Nurinin formasını geyindiyi “Kalmar” son turda “Hammarbü”yə səfərdə 3:5 hesabıyla uduzub. Bu mövsümün başa çatması ilə bərabər karyerasını başa vurduğunu elan edən müdafiəçi bu görüşdə forma geyinməyib. “Kalmar” 30 oyuna topladığı 47 xalla 16 kollektiv arasında 6-cı yeri tutub.
14 xalı olan “Ostersun” və 18 xallı “Örebrö” son iki pilləni tutaraq elita ilə vidalaşıb. 32 xal toplamış “Halmstad” isə 14-cü olub və elitada qalmaq uğrunda pley-off matçına çıxacaq.
Sonda onu da bildirək ki, 111 yaşlı “Malmö” tarixində 22-ci dəfə İsveç çempionatının qalibi olub. Bu komanda ötən mövsüm də ölkənin ən güclüsü olmuşdu.


