İtaliya Super Kubokunun formatı dəyişdirildi

A Seriyası rəhbərliyi futbol üzrə İtaliya Super Kubokunun 2023/24 mövsümündən etibarən yeni formatda keçirilməsi barədə qərar qəbul edib. Arena.az xəbər verir ki, bu barədə sözügedən qurumun mətbuat xidməti məlumat yayıb.

Belə ki, növbəti mövsümdən etibarən Super Kubok dörd komandanın iştirakı ilə təşkil olunacaq. Yarımfinalda üz-üzə gələcək komandalar finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Sonda isə finalçılar İtaliya Super Kubokunun qalibini müəyyənləşdirəcəklər.

Super Kubokda hansı komandaların iştirak edəcəyinə gəlincə, iştirakçılardan ikisi A Seriyasını ilk iki pillədə başa vuranlar olacaq. Digər iki iştirakçı isə İtaliya Kubokunun finalına vəsiqə qazanan komandalar olacaq. Növbəti mövsümlərdə “dördlü” formatın qalıb-qalmamasına beynəlxalq matçların təqviminə əsasən qərar veriləcək.

Rəhbərlik həmçinin İtaliya Super Kubokuna ev sahibliyi etmək istəyən ölkələrlə də bağlı qərarını açıqlayıb. Belə ki, qarşıdakı altı mövsümdən dördündə Super Kubokun ev sahibi Səudiyyə Ərəbistanı olacaq. Bu ölkənin 2024 və 2025-ci illərdəki finallara ev sahibliyi dəqiqdir. 2026 və 2027-ci illərdəki mini turnirlər fərqli ölkələrdə keçiriləcək. Hansı ki, hələ onların hansı ölkələrə veriləcəyi dəqiqləşməyib. 2028 və 2029-cu illərdəki Super Kubok yarışı isə yenidən Səudiyyə Ərəbistanında təşkil olunacaq.

Xatırladaq ki, İtaliya Super Kuboku 1988/89 mövsümündən etibarən keçirilir. Reqlamentə əsasən, Super Kubokda İtaliya çempionatının və İtaliya kubokunun qalibləri üz-üzə gəlirdi. Hər iki turnirdə eyni komanda qalib olduğu mövsümlərdə isə İtaliya Kubokunun finalçısı Super Kubokda da “qızıl dubl”a imza atan klubun rəqibi olurdu.

İtaliya Super Kuboku daha öncə dəfələrlə bu ölkədən kənarda keçirilib. Belə ki, Çin 4, Səudiyyə Ərəbistanı 3, ABŞ və Qətər 2, Liviya isə 1 dəfə bu turnirə ev sahibliyi edib.

“Yuventus” İtaliya Super Kubokunu ən çox qazanan komandadır – 9 dəfə. “Milan” və “İnter” hərəyə 7 dəfə bu uğura imza atıb. “Latsio” 5, “Roma” və “Napoli” 2, “Sampdoriya”, “Parma” və “Fiorentina” isə hərəyə 1 dəfə Super Kubok qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: