“Fənərbaxça”nın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo türk futbolu haqda söhbət açaraq, komandasına tövsiyə edib.
Arena.az “Daily Mail” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mənim oyunçularım başqa komandaların bizə etdiklərini təkrar etməlidirlər. Onlar vaxtı uzatmalı, öt örtüyü üzərinə yıxılmalı, oyunu dayandırmalı, zədələnmiş kimi davranmalıdırlar. Onlar hər komandanın etdiyini etməlidirlər.
Ehtiras, sevgi, həvəs mənim futbola olan həvəsimlə tamamilə üst-üstə düşür. Məndən asılı olmayan başqa məqamlar da var, onlar mədənidirlər. Deyəsən uyğunlaşmağa ehtiyacı olan mənəm, əksinə deyil. Mən gəlmişəm, mən əcnəbiyəm. Mən vəziyyəti dəyişmək fikrində deyiləm. Ona görə də Türkiyə futboluna uyğunlaşmalıyam… Mən sehrbaz deyiləm, mənim təcrübəm var”, deyə “Mour” vurğulayıb.
Xatırladaq ki, 61 yaşlı Joze Mourinyo “Fənərbaxça”nın sükanı arxasına 2024-cü ilin iyul ayının 1-də keçib. Portuqal mütəxəssisin İstanbul klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Fənərbaxça” Türkiyə Super Liqasının 2024/2025 mövsümünə qələbə ilə başlayıb. İstanbul klubu ilk oyununda “Adana Dəmirspor”u 1:0 hesabıyla üstələyib. 2-ci turda isə İzmirdə “Göztəpə” ilə üzə-üzə gələn Mourinyonun komandası xal itkisi ilə üzləşib – 2:2. Portuqaliyalı mütəxəssis məhz bu oyunda gördüklərindən sonra Türkiyə futboluna uyğunlaşmağa ehtiyacının olduğunu, komandasının da digər rəqibləri kimi davranmasının önəmini dilə gətirib.
“Fənərbaxça” Türkiyə Super Liqasında 2 turdan sonra 4 xalla 5-ci sırada qərarlaşıb. Mourinyonun komandasını 3-cü turda “Rizəspor”la səfər oyunu gözləyir. Bu görüş avqustun 25-də Rizədə baş tutacaq.


