Futbol üzrə İspaniya La Liqasının 27-ci turu çərçivəsində baş tutan “Valyadolid”lə matç “Real”ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub. Arena.az xəbər verir ki, Fransadan olan 35 yaşlı futbolçu 6:0 hesabıyla qalib gəldikləri bu matçda het-trikə imza atıb.
Qarşılaşmada hesabı 22-ci dəqiqədə “Real”ın gənc futbolçusu Rodriqo açıb. Ardından səhnəyə Benzema çıxıb. O, 29-cu dəqiqədə ilk qolunu vurubsa, 32 və 36-cı dəqiqələrdə də fərqlənməklə het-trikini rəsmiləşdirib. Təcrübəli hücumçu karyerasında ilk dəfə bir matçın birinci hissəsində het-trikə imza atıb.
Benzema həm də “Real”ın tarixinə düşüb. O, Madrid təmsilçisində ardıcıl 11 mövsümdə azı 20 qol vurmağı bacaran ilk futbolçuya çevrilib.
Bu oyun “Valyadolid”in digər ulduz futbolçusu Eden Hazard üçün də əlamətdar olub. Belçika yığmasının sabiq üzvü 204 gün sonra yaşıl meydanlara qayıdıb. O, matçın 65-ci dəqiqəsində məhz Benzemanın əvəzində meydana çıxıb. Nəticədə belçikalı hücumçu 2022-ci ilin sentyabrından bəri ilk dəfə rəsmi matçın iştirakçısı olub. “Real”ın azarkeşləri bu mövsüm cəmi 7 oyuna çıxan və 296 dəqiqə meydanda olan Hazardı bu matçda fitə basıblar. Buna baxmayaraq, o, komandasının 90+2-ci dəqiqədə vurduğu 6-cı qolda məhsuldar ötürmə müəllifi olub. Lukas Vaskesin adını tabloya yazdırmasına şərait yaradan Hazard bu mövsüm 2-ci assistini edib. Onun hesabında 1 qol da var.
Bu qələbədən sonra “Real” xalını 59-a çatdırıb və ikinci pillədə qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan 12 xal geri qalır.


