Kanisares: “Mənim üçün Kurtua tarixin ən yaxşı qapıçısıdır”

İspaniyalı keçmiş qapıçı Santyaqo Kanisares “Real”ın belçikalı əsas qapıçısı Tibo Kurtuanın səviyyəsini yüksək qiymətləndirir.

Arena.az “Movistar+” dərgisinə istinadən, Kanisaresin bu barədə fikrini təqdim edir:

“Kurtua – hamıdan ən yaxşısıdır. Vaxt vardı ki, “Messi və qalanları var”, deyirdik. Kurtua ilə də eynisidir. Qapıçılar aləminə gəlincə, o, Dieqo Maradona, Lionel Messi və Kristiano Ronaldodur. O, digərlərindən qat-qat üstündür və hər dəfə öz səviyyəsini nümayiş etdirir. Artıq onun vacib qurtarışlarına öyrəşmişik. Digər qapıçıların oyununda biz bunu vurğulayardıq, amma Kurtua üçün bu, adi haldır. Mənim üçün Kurtua tarixin ən yaxşı qapıçısıdır. O, “Real” üçün çox vacib oyunçudur”, deyə Kanisares vurğulayıb.

Tibo Kurtua futbola Belçikanın “Bilzen” klubunda qədəm qoyub. Buradan “Genk”ə yol tapmış qapıçı böyük futbolda debüt edib. Daha sonra Kurtua “Çelsi”yə keçib və 2011-ci ilin iyulunda icarə əsasında Madrid “Atletiko”suna yollanıb. 2018-ci ilin avqustuna qədər Kurtua “döşəkçilər”in uğurları üçün çalışıb. Daha sonra belçikalı qapıçı “döşəkçilər”in düşərgəsindəki icarə müddətini başa vuraraq, transfer hüquqlarının məxsus olduğu “Çelsi”yə qayıdıb.

“Real” Kurtuanı 2018-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Çelsi”dən “qaymaqlılar”ın düşərgəsinə qatıb. Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə belçikalı qapıçı “Real” üçün 7 oyun keçirib, 3 qol buraxıb, 4 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Kurtuanın “qaymaqlılar”ın düşərgəsində çıxışının ümumi mənzərəsi 242 oyun, 222 buraxılmış qol buraxıb və 100 “quru” oyundan ibarətdir.

“Real”;n heyətində belçikalı qapıçı 3 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 3 dəfə İspaniya Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu, 1 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Həmçinin Kurtuanın qənimətlər muzeyində “Atletiko” ilə qazandığı İspaniya La Liqası (2013/2014), İspaniya Kuboku (2012/2013), Avropa Liqası (2011/2012) və UEFA Super Kuboku (2012/2013) var.
Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 32 yaşlı qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: