“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 19-cu turunda Bilbao “Atletik”inə səfər məğlubiyyətinə (1:2) aydınlıq gətirib.
Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikrini təqdim edir:
“Atletik” evdə çox təhlükəli komandadır. Düşünürəm ki, birinci hissədə biz müdafiədə yaxşı oynadıq, amma topla daha yaxşı davrana bilərdik. İkinci hissədə daha da yaxşı oynadıq, fürsətlərimiz də oldu… “Atletik” önə keçəndə daha fəal oynamağa başladıq. Hələ də gec deyildi, 78-ci dəqiqədə hesabı bərabərləşdirdik və oyuna nəzarəti ələ keçirmək haqda düşünə bilərdik.
Ümumiyyətlə, biz mübarizəmizi davam etdiririk. Biz oyundayıq və şənbə günü keçiriləcək oyuna diqqət yetirməliyik”.
İtalyan mütəxəssis oyunda penaltini əldən vermiş fransalı ulduz hücumçu Kilian Mbappenin bu fürsəti haqda da fikrini bildirib:
“Mən onunla danışmamışam. Bərabər oyun idi, mənim üçün bu, heç-heçə idi. Bizi penalti kimi təfərrüata görə cəzalandırdılar. Mən futbolçunu penaltiyə görə qiymətləndirmirəm. Mbappe hazırda ən yaxşı səviyyədə deyil, ona vaxt gərəkdir. O, daha yaxşı oynaya bilər, bu, göz qabağındadır”.
Xatırladaq ki, bundan əvvəl Mbappe Çempionlar Liqasında “Liverpul”la qarşı səfər oyununda (0:2) penaltini qaçırmışdı.
Vurğulayaq ki, hər iki oyunda penalti fürsəti “Real” üçün açar məqam olub və tarazlığı əldən vermiş “qaymaqlılar” yekunda məğlubiyyətlə barışmalı olublar.
Ümumilikdə “Real” bütün yarışlarda keçirdiyi son 11 oyunda 5-ci məğlubiyyətlə üzləşib. Müqayisə üçün əlavə edək ki, bundan əvvəl “Real” əvvəlki 73 oyunda cəmi 4 məğlubiyyət almışdı.
Karlo Ançelotti “Real”ın bu son oyunlarda uğursuzluqlarına dair, fikrlərini ümumiləşdirərək ifadə edib:
“Qısa müddətdə bütün yarışlarda beş məğlubiyyət almaq qəribədir. Biz təkmilləşməliyik… Son oyunlarda bəzi baxışlarda irəliləmişik, amma hələ keçənilki qədər güclü deyilik. Son iki məğlubiyyət çox çətin meydanlarda yaşanıb. İndi biz yavaş-yavaş oyunçularımızı bərpa edəcəyik və səviyyəmizi yüksəldəcəyik”.
“Atletik”ə məğlubiyyət “Real”a sahib olduğu şərti lider mövqeyini itirməsi hesabına başa gəlib. La Liqada keçirdiyi 15 oyundan 33 xal toplamış “Real” yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Çempionata 16 oyundan 37 xalla “Barselona” başçılıq edir.


