“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının yarımfinalında “Mançester Siti”yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Arena.az xəbər verir ki, o, 0:4 hesabıyla (ilk oyun 1:1) uduzduqları matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Bu gün dərin təhlilə getməyin mənası yoxdur. Bu, ağrılı məğlubiyyətdir. Çox təhqiredici hesab alındı. Amma futbolda belə hallar olur. Çempionlar Liqasının yarımfinalına çıxırsan və belə güclü rəqib səndən yaxşı oynayırsa, deməli finalsız qalacaqsan.
“Mançester Siti” daha yaxşı oynadı və bu finala layiq idi. Onlar əvvəldən fəal pressinq etməyə başladılar. Ona görə də göstərmək istədiyimiz oyunu qurmaq bizim üçün çətinləşdi”.
Karlo Ançelotti ağır məğlubiyyətə baxmayaraq, toparlanmağa məcbur olduqlarını bildirib:
“Biz bu məğlubiyyətdən dərs çıxarmalı, növbəti mövsüm haqqında düşünməli və güclənməliyik. Ötən mövsüm onları məğlub edərək finala yüksəlmişdik. Bu dəfə növbə “Mançester Siti”də idi”.
Madrid “Real”ının vitse-prezidenti Emilio Butragenyo da məğlubiyyətlə bağlı fikirlərini dilə gətirib:
“Deyəcək ilk şey “Mançester Siti”ni təbrik etməkdir. Onlar bu gün bizdən güclü idilər. İngilislər finala çıxmağa layiq idilər”.
Xatırladaq ki, “Real” ötən mövsüm yarımfinalda məhz “Mançester Siti” ilə qarşılaşmış və möhtəşəm geridönüş sayəsində bu rəqibini məğlub etmişdi. Belə ki, səfərdə İngiltərə klubuna 3:4 hesabıyla uduzan ispanlar evdə də 0:1 məğlub durumda olmaqlarına baxmayaraq, 90-cı dəqiqədən sonra 3 qol vurmaqla 3:1 hesablı əzmkar qələbəyə sevinmişdilər. Ançelottinin komandası finalda da İngiltərənin digər təmsilçisi “Liverpul”u 1:0 məğlub edərək baş mükafata sahib çıxmışdı.