Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Çelsi” ilə ev oyunu “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis Madrid təmsilçisinin sükanı arxasında sözügedən turnirdə ən çox qələbəyə sevinən baş məşqçiyə çevrilib.
Onun komandası londonluları 2:0 hesabıyla məğlub edib. Bu, Ançelottinin “Real”ın sükanı arxasındakı 35-ci ÇL qələbəsi olub. Nəticədə o, italiyalı məşqçi İspaniyadan olan Visente Del Boskeyə məxsus rekordu yeniləyib. Del Boske vaxtilə bu komandanın sükanı arxasındakı 60 görüşdə 34 qalibiyyət əldə edib. Ançelottiyə isə 35-ci qələbəyə çatmaq üçün 47 matç bəs edib.
Ançelottinin komandası Çempionlar Liqasının pley-off mərhələlərində ardıcıl 31-ci ev oyununda qol vurub. Madrid təmsilçisi sonuncu dəfə 2011-ci ildə “Santyaqo Bernabeu”da əzəli rəqibi “Barselona”nın qapısına bu raundlarda yol tapa bilməyib.
Xatırladaq ki, Karlo Ançelotti 2021-ci ilin iyul ayından “Real”a rəhbərlik edir. O, 2013-2015-ci illər aralığında da Madrid təmsilçisinin baş məşqçisi olub. 63 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 222 oyuna çıxarıb, 161 qələbə sevinci yaşayıb. 28 oyunda heç-heçə ilə barışan Ançelotti, 33 matçda da məğlubiyyətə üzülüb.
Ançelotti karyerası ərzində “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recciana” kimi klublarda da baş məşqçi olub. O, məşqçilik karyerasının ilk illərində İtaliya milli komandasında köməkçi kimi çalışıb.
“Real”la “Çelsi” arasındakı cavab oyunu aprelin 18-də Londonda keçiriləcək.


