İspaniyanın “Atletiko” (Madrid) klubunun hücumçusu Karlos Martin Dominqes bundan sonra “Alaves”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, La Liqa təmsilçisi 22 yaşlı ispan futbolçunu cari mövsümün sonuna kimi icarəyə götürüb.
Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Onun “Atletiko” ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi var.
Karlos Martin “Atletiko”nun yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 6 oyuna çıxıb. Paytaxt klubu yetirməsini ötən mövsüm “Mirandes”ə də icarəyə vermişdi. O, aşağı liqa təmsilçisində 40 oyuna 15 qol vurmuş, 3 assistlə yadda qalmışdı.
Karlos İspaniyanın U-21 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı forvardın transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.
“Alaves”in sağ vingeri Xeber Alkain isə “Eybar”a keçib. 27 yaşlı ispan futbolçu La Liqa təmsilçisini azad agent kimi tərk edib və yeni klubu ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Xeber Alkain İspaniyanın digər klubu “Real Sosyedad”ın yetirməsidir. “Arenas”da icarədə də olmuş futbolçu “Alaves”ə 2022-ci ilin yayında azad agent kimi keçmişdi. Alkain “Alaves”in heyətində 50 oyuna çıxıb, 7 qol və 2 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.


