2026/2027-ci illər mövsümündə Azərbaycan Birinci Liqasında mübarizə aparacaq “Karvan” klubu heyətini gücləndirməyə davam edir.
Arena.az xəbər verir ki, Yevlax təmsilçisi heyətinə daha 7 yerli oyunçu cəlb edib.
Müdafiəçilər Kamal Kazımov (sonuncu klubu MOİK olub), Nemət Musayev (“Difai”), Sadiq Quliyev (“Səbail”), yarımmüdafiəçilər Lətif Rzayev (“İmişli”), Asim Əlizadə (“Səbail”), hücumçu İbrahim Əliyev (“Şəfa”) və qapıçı Rüstəm Samiqullin (“Cəbrayıl”) bundan sonra əyalət Yevlax klubunun uğurları üçün çalışacaqlar. Onların hər biri ilə 1 illik müqavilə imzalanıb.
Birinci Liqa təmsilçisi iki yeni legionerlə də güclənib. Onlardan biri nigeriyalı yarımmüdafiəçi Antoni Uzodimmadır. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. 27 yaşlı futbolçu karyerası ərzində Türkiyənin “Kayserispor”, “Girəsunspor”, “Ankara Keçiörengücü”, həmçinin öz ölkəsinin “Emordi” və “Rasinens” klublarında forma geyinib.
Digər legioner isə Onyekaçi Silasdır. Portuqaliyalı yarımmüdafiəçi ilə də mövsümün sonuna qədər müqavilə imzalanıb. 30 yaşlı futbolçu ölkəsinin “Boavişta”, “Jil Visente”, “Paredes”, “Marinyense”, “Varzim”, Çexiyanın “Znojmo” klublarında forma geyinib.
“Karvan” öz heyətindəki oyunçulardan Peter Nqozi Kinqslə də yeni müqavilə bağlayıb. 3 ildir bu komandanın formasını geyinən nigeriyalı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb. Kinqs indiyə qədər bu komandanın heyətində 58 oyun keçirib və 11 qol vurub.
Yevlax klubu iki futbolçusu ilə də yollarını ayırıb. Sözügedən komanda Əli Abdullayev və Rauf Rüstəmli ilə vidalaşıb. Əyalət təmsilçisi hər iki oyunçuya xidmətləri üçün təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.


