Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Selçuk İnan çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı məşqçi ilə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub.
Selçuk baş məşqçi postunda bir müddət öncə istefaya göndərilmiş Şenol Canı əvəz edib. Hansı ki, onunla müqaviləyə bu ayın 11-də qarşılıqlı razılıq əsasında xitam verilmişdi. İstefaya komandanın uğursuz nəticələri səbəb olub. Bu məşqçinin rəhbərliyi altındakı son beş matçda qələbəyə həsrət qalan elita təmsilçisi hazırda 15 xalla 19 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.
Şenol Can bu mövsümün əvvəlində, 18 avqustda baş məşqçi postuna gətirilmişdi. Super Liqanın 3-cü turundan sonra istefaya göndərilən Sami Uğurlunu əvəz edən gənc mütəxəssis bu komandanı bütövlükdə 14 rəsmi matça çıxarıb.
Bolqarıstandan olan 39 yaşlı məşqçi 2021-ci ilin martında da “Kasımpaşa”nın baş məşqçisi təyin olunmuş, lakin avqustda istefaya göndərilmişdi.
Selçuk İnan isə indiyə qədər heç bir komandada baş məşqçi kimi çalışmayıb. O, yalnız “Qalatasaray”da Fatih Terimin köməkçisi kimi işləyib.