Futbol üzrə Danimarka milli komandasının hücumçusu Kasper Dolberq Fransanın “Nitsa” klubundan ayrılaraq Belçika “Anderlext”inə keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
25 yaşlı forvard yeni klubu ilə 4 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb. “Anderlext” bu transfer üçün fransızlara 5 milyon avro ödəyib.
Kasper Dolberq 2019-cu ilin avqustundan “Nitsa”nın formasını geyinirdi. O, Fransa təmsilçisində 85 oyuna çıxıb, 24 qola imza atıb, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu ötən mövsümün bir hissəsini İspaniyanın “Sevilya”, digər hissəsini isə Almaniyanın “Hoffenhaym” klubunda icarədə keçirib. Daha öncə “Silkeborq” və “Ayaks”da oynamış futbolçu, Danimarka yığmasında da 40 matça çıxıb və 11 qol vurub.


