Klopp: “Mən heç nə vəd etməyəcəyəm, amma…”

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp komandanın onun rəhbərliyi altında titul qazanmaq perspektivlərindən danışıb.

Arena.az xəbər verir ki, 59 yaşlı mütəxəssis 2026-cı ilin iyulundan etibarən Almaniya yığmasına rəhbərlik edir.

“Bundestim” sentyabrın 24-də UEFA Millətlər Liqasının 1-ci turunda Niderlandla, sentyabrın 27-də isə Yunanıstanla qarşılaşacaq.

Klopp Almaniya millisinin qarşıdakı turnirlərdə uğur qazanacağına dair vəd verməyib:

“Mən heç nə vəd etməyəcəyəm. Amma həqiqətən təmin edə biləcəyim bir şey var – bunun üçün əlimizdən gələn hər şeyi mütləq edəcəyik. Kənardan elə görünə bilər ki, hazırda hazırlıq səviyyəmiz aparıcı futbol dövlətlərindən geri qalır. İşlək mexanizm nasazlıq verdikdə problemi ətraflı araşdırır və düzəlişlər etməyə çalışırsınız. Hazırda məşqçilər korpusumuzla birlikdə məhz bu böyük proses üzərində işləyirik”.

Almaniyalı çalışdırıcı yenilənmiş milli komandanın hansı üslubda futbol oynamalı olduğunu da açıqlayıb:

“Hər bir oyun epizodunda, hər bir matçda maksimum dərəcədə iştirak etməliyik. Yalnız bu halda qələbə üçün real şanslarımız olacaq. Oyun modelimizi bir qədər uyğunlaşdırmalı, komandanı daha sürətli hərəkət etməyə məcbur etməli və bəzi detalları dəqiq şəkildə dəyişməliyik.

Bu istiqamətdə ilk addımlar artıq atılıb. Görək, hazırladıqlarımızın nə qədərini sabah meydanda tətbiq edə biləcəyik. Çox ümid edirəm ki, bunun nəticələrini qarşıdakı oyunda görəcəyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: