Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulur

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutacaq.

Ən güclü 8 komanda arasında yer alan Türkiyə klubu “Fənərbaxça” da növbəti matçına çıxacaq. İstanbul təmsilçisi 1/4 finalda Yunanıstan “Olimpiakos”u ilə mübarizə aparır. Tərəflər arasındakı ilk oyun Yunanıstanda baş tutmuş və Türkiyə təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı.

Günün digər oyunlarında “Viktoriya” (Plzen, Çexiya) “Fiorentina”nın (İtaliya), “Aston Villa” (İngiltərə) “Lill”in (Fransa), “Brügge” (Belçika) isə PAOK-un (Yunanıstan) qonağı olacaq.

Qeyd edək ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü isə mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda baş tutacaq.

Avropa Konfrans Liqası
1/4 finalın cavab oyunları
18 aprel

20:45. “Fiorentina” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya) (ilk oyun 0:0)
20:45. “Lill” (Fransa) – “Aston Villa” (İngiltərə) (1:2)
23:00. “Fənərbaxça” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) (2:3)
23:00. PAOK (Yunanıstan) – “Brügge” (Belçika) (0:1)