Kristian Eriksen “Volfsburq”la vidalaşdı – Rəsmi

Danimarkalı yarımmüdafiəçi Kristian Eriksen futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Volfsburq” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu ayrılıq qərarını ailəsinin yanında olmaq istəyi ilə əlaqələndirib:

“Hazırda mənim üçün Danimarkada ailəmin yanında olmaq vacibdir. Qarşılıqlı razılığa gələ bildiyimiz üçün şadam. “Volfsburq”da keçirdiyim vaxt həm yaxşı, həm də çətin anlarla yadda qaldı. Klubun etibarlı əllərdə olduğunu və Bundesliqaya qayıda biləcəyini bilirəm. Əminəm ki, “Volfsburq”u uğurlu gələcək gözləyir”, – deyə Eriksen bildirib.

Xatırladaq ki, Kristian Eriksen 2025-ci ildən “Volfsburq”da çıxış edirdi. Karyerası ərzində “Mançester Yunayted”, “Brentford”, “Tottenhem” və “Ayaks” kimi klublarda da forma geyinib. “Tottenhem”lə Çempionlar Liqasının finalına yüksəlib, “Ayaks”la üç dəfə Niderland çempionu olub, ölkə kuboku və super kubokunu qazanıb. 2020/21 mövsümündə “İnter”in heyətində İtaliya çempionu olub.

Eriksen 2021-ci ildə Avropa çempionatında Danimarka millisinin Finlandiyaya qarşı keçirdiyi matç zamanı ürək tutması keçirib. Futbolçuya xəstəxanada ürək ritminin həyati təhlükəli pozuntularını aradan qaldırmaq və ürəyin dayanmasının qarşısını almaq üçün implantasiya edilə bilən kardioverter-defibrilyator yerləşdirilib.

2026-cı ilin iyununda isə Eriksen Ukrayna millisi ilə yoldaşlıq görüşündə huşunu itirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: