Kristiano Ronaldo gələcəkdə ÇL-də oynaya biləcəyini ehtimal etdi

“Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo verdiyi açıqlama ilə gündəmi yenidən zəbt edib.

Arena.az məlumat verir ki, portuqal ulduz Avropaya qayıdaraq, yendən Çempionlar Liqasında iştirak edə biləcəyi ehtimalını istisna etməyib.

Ronaldo bu barədə Çempionlar Liqasının ən sərrast futbolçusu olaraq xüsusi mükafata layiq görüldüyü Çempionlar Liqasının püşkatma mərasimində söhbət açıb.

“Bu mükafat mənim üçün çox şey deməkdir. Çempionlar Liqası hər bir futbolçu üçün ən vacib yarışdır və mən bu yarışda iştirak etməkdən məmnun idim. Bütün bu rekordlar mənim üçün çox şey deməkdir və qələbələr xüsusi anlar yaşadım. Burada çox xoşbəxt idim. Çempionlar Liqası ilə bağlı gözəl xatirələrim var. Bəlkə də gələcəkdə bura qayıdacağam”, deyə Ronaldo vurğulayıb.

Xatırladaq ki, Ronaldo Çempionlar Liqasında 2003-2022-ci illər aralığında keçirdiyi 183 oyunda 140 qol vurub və mötəbər yarışın tarixən ən sərrast oyunçusu adını daşıyır.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Cari mövsümə isə Ronaldo “Nəcd cəngavərləri”nin heyətində bütün yarışlarda 4 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 68 oyun, 62 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Maraqlıdır ki, Ronaldo “Əl-Nəsr”lə hələ heç bir qənimət qazanmayıb. Qolçuluq mükafatları ilə yanaşı, Ronaldonun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.

Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: