Lautaro Martines də milli komandadan kənarda qaldı

Futbol üzrə Argentina yığma komandasında daha bir hücumçu – “İnter”in şərəfini qoruyan Lautaro Martines də sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasından məlumat verilib.

Xəbərdə bildirilir ki, “İnter”in hücumçusu Argentina millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirəcəyi qarşıdakı iki oyunda komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, Lautaro Martinesdən əvvəl Lionel Messi (“İnter Mayami”) və Paulo Dibala (“Roma”) da Uruqvay (22 mart) və Braziliya (25 mart) yığmalarına qarşı oyunlarda iştirak etməkdən məhrum olmuşdular. Onların da millidən kənarda qalmasına məhz zədə səbəb olub.

Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 39 oyuna çıxıb, 18 qol vurub, 6 məhsuldar ötürmə verib.
Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 321 oyun, 147 qol, 49 məhsuldar ötürmədən ibarətdir.

Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 70 oyuna çıxıb, 32 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: