“Lill” niderlandlını “Nyukasl”a satdı, braziliyalı transfer etdi

Fransanın “Lill” klubu niderlandlı müdafiəçisi Sven Botmanla yollarını ayırıb. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisini İngiltərənin “Nyukasl” klubuna satıb.

Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb. Xarici mediada yayılan məlumatlara görə, İngiltərə klubu bu transfer üçün fransızlara 35 milyon funt-sterlinq ödəyib. Sven Botman yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

Niderlandlı futbolçu “Ayaks”ın yetirməsidir. O, hələ bu klubun formasını geyindiyi dönəmdə – 2019/20 mövsümündə “Herenven”ə icarəyə verilib. 2020-ci ilin iyul ayında “Lill”ə transfer olunan müdafiəçi, Fransa klubu ilə 5 illik müqaviləyə imza atmışdı. O, geridə qalan mövsümdə bu komandanın heyətində 25 matça çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Niderlandlı oyunçu “Lill”in heyətində bütövlükdə 47 matça çıxıb.

“Lill” Botmanın yerini braziliyalı Aleksandro Ribeyro ilə doldurub. Portuqaliyanın “Çaves” klubundan transfer olunan 22 yaşlı futbolçu üçün 2 milyon təzminat ödənildiyi bildirilir. O, Fransa klubu ilə 4 illik müqaviləyə imza atıb. “Flamenqo”nun yetirməsi olan müdafiəçi 2020-ci ildən Portuqaliyada çıxış edirdi. Braziliyalı futbolçu bu ölkədə “Çaves”dən öncə “Prayense” və “Amora”da da forma geyinib.