Lion “Olimpik”inin avtobusuna hücum etmiş azarkeşə həbs hökmü

Oktyabr ayında Lion “Olimpik”inin avtobusuna hücum etmiş marselli azarkeşlərdən birini məhkəmə 4 aylıq həbs cəzasına məhkum edib.

Arena.az bu barədə “Ekip” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 22 yaşlı gənc Lion klubunun avtobusunu daşqalaq edərkən, videomüşahidə kamerasına düşüb. Amma məhkəmə onun atdığı daşın avtobusun pəncərəsinin qırılmasına səbəb olub-olmadığını müəyyən edə bilməyib. Bu məqam videomüşahidə kameralarının nüfuz dairəsindən kənarda qalıb. Şüşə parçaları isə Lion “Olimpik”inin baş məşqçisi Fabio Qrossonun zədələnməsinə səbəb olub. Nəticədə italyan məşqçiyə 13 tikiş vurulub. Həmçinin baş məşqçinin köməkçisi şüşə qırıntılarından zədələnib. Futbolçular və komanda heyəti bu hadisədən sarsıntı keçiriblər.

Xatırladaq ki, bu hadisə nəticəsində Fransa çempionatının “Olimpik” (Marsel) – “Olimpik” (Lion) oyununun keçirilmə vaxtı ləğv edilərək dekabrın 6-na təxirə salınmışdı.

Hazırda Liqa 1-in 11 turundan sonra Marsel “Olimpik”i 13 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Lion “Olimpik”i isə 7 xalla sonuncu – 18-cidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: