İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti Avropa Super Liqasının canlanması ilə bağlı xəbərlərə münasibətini açıqlayıb.
Arena.az “Tuttosport” dərgisinə istinadən, Spallettinin müvafiq xüsusda fikirlərini təqdim edir:
“David Qoliafı məğlub edəndə biz keçmişin xoş əks-sədasını, meydanın qoxusunu, insanların milli bayraq ətrafında bayram etmə ənənəsini, heyrəti itiririk.
Belə görünür ki, qaydaları ancaq güclü adamlar yaza bilərlər. Kimsə öz futbol məfkurəsini tətbiq etmək istəyir… Amma başa düşmürlər: nə qədər ki, bir top və iki qapı var, insanlar sevdikləri ənənəvi futbolu seçəcəklər”, deyə italyan mütəxəssis yeni Super Liqa fikrinə qarşı olduğunu başa düşməyə əsas verib.
Xatırladaq ki, dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətlərini qanunsuz kimi tanıyıb. Hazırda Super Liqanın iştirakçıları siyahısında yalnız bu fikrin çılğın təşəbbüskarı “Real” və qüvvətli dəstəkçisi “Barselona” var.
Vurğulayaq ki, indiyə qədər Avropanın böyük futbol beşliyinin milli çempionatlarından 21 klub UEFA-ya dəstək verərək, açıq şəkildə Avropa Super Liqasında iştirakdan imtina edib. Yalnız “Napoli” bu Super Liqa fikrini dəstəkləyib. Neapol klubu, keçiriləcəyi halda turnirdə iştiraka hazır olduğunu bildirib.
Maraqlıdır ki, Luçano Spalletti elə, bu “Napoli”ni son 33 ildə ilk dəfə 2022/2023 mövsümü İtaliya A Seriyasında çempionluğa daşımışdı.


