Luçano Spalletti İtaliyanın AÇ-2024-ə vəsiqə qazanmasını şərh etdi

İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti Ukrayna yığması ilə oyunu (0:0) və komandanın AÇ-yə vəsiqə qazanmasını şərh edib.

Arena.az Ukrayna Futbol Assosiasiyasına (UAF) istinadən Spallettinin bu barədə fikirlərini təqdim edir:

“Mən İtaliyanın Avpopa çempionatına vəsiqə qazanacağı ilə bağlı çoxlu söhbətlər eşitdim, amma onlar bu barədə ehtiyatla danışırdılar. Ola bilsin ki, bu, turnirin başlaması ilə bağlıdır. Ola bilər. Amma komandanı Avropa çempionatına aparmaq üçün bu işə razılaşdım və bunu bacardım.

Ukrayna ilə oyunda topa nəzarət etməyimiz və hərəkət etdirməyimiz xoşuma gəldi. Ukrayna öz işinin öhdəsindən layiqincə gəldi və bu görüş bizim Şimali Makedoniya yığması ilə əvvəlki, qalibiyyətli oyunumuzdan tamamilə fərqli idi”, deyə italyan mütəxəssis bildirib.

Xatırladaq ki, Roberto Mançini komandadan ayrıldıqdan sonra, Luçano Spalletti seçmə turnirin ortalarında İtaliya yığmasını çalışdırmaq məsuliyyətini üzərinə götürmüşdü. Vurğulayaq ki, “skuadra adzurra” cari Avropa çempionu adını daşır.

Ukraya yığması ilə “quru” oyun (0:0) sayəsəində İtaliya yığması 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəsini təmin edə bilib. 8 turdan sonra italyanlar 14 xal toplayaraq, “C” qrupunda 2-ci olublar. Ukrayna yığması isə italyanlarla eyni miqadarda, 14 xal toplayaraq 3-cü pillədə qərarlaşıb və Millətlər Liqasının nəticələrinə görə, vəsiqə qazandığı pley-offda Avropa çempionatına vəsiqə uğrunda mübarizə aparacaq. İngiltərə yığması isə 20 xalla qrupu lider olaraq tamamlayıb.

Bu arada, İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina Luçano Spalettini İtaliya yığmasını Avropa çempionatının final mərhələsinə daşıya bildiyi üçün rəbrik edib:

“Məqsəd yerinə yetirildi. Luçano Spallettini təbrik edirəm. Azarkeşlərə verdiyimiz sözü yerinə yetirdik” – “pianetamilan.it” portalı Qravoinadan sitat gətirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: