Luis Enrike Pedrini PSJ-də görmək istəyir

PSJ-nin baş məşqçisi Luis Enrike “Barselona”nın 20 yaşlı mərkəz yarımmüdafiəçisi Pedrini yenidən qurduğu komandasında görmək istəyir.

Arena.az bu barədə “Cope.es” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Luis Enrike Pedrini mütləq surətdə qurduğu heyətə qatmaq istəyir və bunun üçün yüksək ödənişləri də istisna etmir. İspan mütəxəssis həmyerlisi Pedrini bu yay Fransa klubundan ayrıla biləcəyi haqda məlumat yayılmış italyan yarımmüdafiəçi Marko Verrattinin ideal əvəzləyicisi qismində görür.

Enrike Pedriyə İspaniya yığmasını çalışdırdığı vaxtdan bələddir və gənc yarımmüdafiəçinin oyun keyfiyyətini yüksək qiymətləndirir. Amma Pedrinin özü PSJ-yə keçməkdə maraqlı deyil. Amma çox sərfəli təklif müqabilində ispan yarımmüdafiəçinin fikrini dəyişə biləcəyi vurğulanır.

Pedri 2019-cu ilin yayında “Barselona”ya keçib. Amma sonra bir mövsümə yenidən “Las Palmas”a icarəyə göndərilib. 2020/2021 mövsümündən bəri Pedri “Barselona”nın əsas heyətində əvəzolunmaz oyunçuya çevrilib. Ümumilikdə, Pedri “Barselona”nın heyətində 109 oyuna çıxıb, 16 qol vurub, 8 məhsuldar ötürmə verib.

Pedrinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

“Transfermarkt” internet-portalı Pedrini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: