Fransa çempionu PSJ-nin yeni baş məşqçisi Luis Enrike özünün Paris nəhənginə təyinatı haqda maraqlı açıqlama verib.
Arena.az bu barədə “Sport”a istinadən məlumat verir.
“PSJ öz layihəsi üçün mükəmməl məşqçi seçib. Mən bunu hiss edirəm və bu haqda danışıram. Layihə və mənə təklif edilən hər şey çox az kimsə üçün əlçatan səviyyədədir.
Transfer bazarında çoxlu uğurlarımız olacaq, uğursuzluqlar da istisna deyil. Çoxlu qərarlar verməli olacağımı bilirəm. Bir çox oyunçunun PSJ kimi böyük kluba uyğunlaşması çətindir”.
Luis Enrike 2023-cü ilin yanvar ayından işsiz qalmışdı. İspan mütəxəssis 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeş yığması tərəfindən mübarizədən kənarlaşdırılmış İspaniya yığmasından ayrılmışdı.
Luis Enrikenin PSJ ilə müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.
Xatırladaq ki, ispan mütəxəssis PSJ-nin baş məşqçisi vəzifəsində Kristof Qaltyeni əvəzləyib. Qaltyenin rəhbərliyi ilə PSJ geridə qalmış 2022/2023 mövsümündə Fransa çempionluğunu qazanıb.


