Futbol üzrə UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün “İnter”lə final oyunu PSJ-nin baş məşqçisi Luis Enrike üçün əlamətdar olub.
Arena.az xatırladır ki, Fransa nəhəngi PSJ Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün qalibi adını qazanıb.
55 yaşlı ispan mütəxəssisin çalışdırdığı PSJ final oyununda İtaliya nəhəngi “İnter” üzərində 5:0 hesablı qələbəyə sevinib.
Çempionlar Liqasını qazanması ilə PSJ “qızıl üçəm”ə imza atıb – Fransa çempionluğunu, Fransa Kubokunu və Çempionlar Liqasını qazanıb (həmçinin Fransa Super Kubokunu). Bu, Luis Enrikenin məşqçilik karyerasında ikinci müvafiq nailiyyət – “qızıl üçəm”dir. PSJ-yə qədər ispan mütəxəssis 2014/2015-ci illər mövsümündə “Barselona” ilə “qızıl üçəm” qazanmışdı.
Bununla da ispan mütəxəssis həmvətəni, “Mançester Siti”nin 54 yaşlı baş məşqçisi Xosep Qvardiolanın rekorduna şərik olub. Qvardiola da “qızıl üçəm”i iki müxtəlif komanda ilə – 2008/2009-cu illər mövsümündə “Barselona”, 2022/2023-cü illər mövsümündə isə “Mançester Siti” ilə qazanmışdı.
Əlavə edək ki, Luis Enrike “Pep”in daha bir rekorduna şərik olub. Söhbət Çempionlar Liqasının iki müxtəlif komanda ilə qazanılmasından gedir.


