Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun PSV ilə oyunu PSJ-nin baş məşqçisi Luis Enrike üçün uğursuz statistika ilə yadda qalıb.
Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.
Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. İspan mütəxəssisin rəhbərliyi altında PSJ Çempionlar Liqası çərçivəsində meydana çıxdığı 15-ci oyunda 9-cu dəfə qələbə üzünə həsrət qalıb. Fransa nəhəngi cəmi 6 oyunda qələbə qazanıb. Luis Enrikenin qələbə göstəricisi cəmi 40% təşkil edir. Bu, 2011-ci ildə Qətərin QSI fondunun Paris klubunu satın almasından bəri, Fransa nəhənginin məşqçiləri arasında ən pis göstəricidir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3 turundan sonra PSJ cəmi 4 xal toplayıb və yarış cədvəlinin 17-ci pilləsində müvəqqəti qərarlaşıb. Digər oyunlardan sonra turun başa çatması ilə PSJ-nin yarış cədvəlində daha aşağı yerlərdən birinə düşəcəyi aydındır.
Xatırladaq ki, Enrike PSJ-ni 2023-cü ilin iyulundan çalışdırır. İspan mütəxəssisin Fransa nəhəngi ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Enrike PSJ-ni ümumilikdə 64 oyuna çıxarıb. Parislilər 41 qələbə qazanıblar, 15 heç-heçə ediblər və 8 oyunda məğlubiyyətə üzülüblər.
Luis Enrike PSJ ilə 2023/2024-cü illər mövsümündə “qızıl üçlük” əldə edib – Fransa Liqa 1-in, Fransa Kubokunun və Fransa Super Kubokunun qalibi olub.


