Luis Enrike yeni mövsüm üçün hər mövqeyə futbolçu istəyir

PSJ-nin ispaniyalı baş məşqçisi Luis Enrike Fransa nəhənginin 2024/2025 mövsümü üçün transfer planlarından danışıb.

Arena.az 54 yaşlı məşqçinin bu barədə fikirlərini təqdim edir:

“Təsdiq edə bilərəm ki, gələn mövsüm hər mövqe üçün yeni oyunçular alacağıq. Bu, həm də hazırda heyətdə olan, hətta ən yaxşı oyunçulara da ismarışdır: gələn mövsümdə hər mövqe üçün iki vacib oyunçunun olmasını istəyirəm. PSJ-nin heyətinə düşmək çətin olacaq”, deyə baş məşqçi vurğulayıb.

Xatırladaq ki, Luis Enrike 2023-cü ilin iyulundan PSJ-ni çalışdırır. İspan mütəxəssisin Fransa nəhəngi ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Parislilər Luis Enrikenin rəhbərliyi altında erkən surətdə Fransa çempionu olublar. Bu, klub tarixində 12-ci müvafiq zəfərdir və mütləq Fransa rekordudur. Həmçinin ispan mütəxəssis PSJ-yə Fransa Super Kubokunu qazandırıb. O, bu komandanı həm də mayın 25-də həlledici oyuna çıxaracağı Fransa Kubokunun finalına daşıyıb. Paris təmsilçisinin həlledici oyundakı rəqibi Lion “Olimpik”i olacaq.

Enrike PSJ-ni indiyə qədər bütövlükdə 53 oyuna çıxarıb. Parislilər bu görüşlərdə 36 qələbə qazanıblar, 12 heç-heçə ediblər və 7 qarşılaşmada məğlubiyyətə üzülüblər.

Luis Enrike məşqçiliyə İspaniyanın “Barselona” klubunun B komandasında başlayıb. 2014-2017-ci illər aralığında isə ispan məşqçi “Barselona”nın əsas komandasına rəhbərlik edib və bir sıra uğurlara imza atıb. O, “Roma” və “Selta” komandalarında, həmçinin İspaniya millisində də baş məşqçi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: