Əfsanəvi ispan futbolçu, 1960-cı ildə “Qızıl top”un qalibi olmuş Luis Suares Miramontes vəfat edib. Arena.az bu barədə “Diario AS” dərgisinə istinadən məlumat verir.
Məlumata görə 88 yaşlı Luis Suares bu gün dünyasını dəyişib.
Luis Suares karyerası ərzində “Deportivo La-Korunya”, “Espanya İndustrial”, “Barselona”, “İnter və “Sampdoriya” klublarında çıxış edib.
Miramontes “Barselona” ilə 2 dəfə İspaniya çempionatının, 2 dəfə İspaniya kubokunun, həmçinin 2 dəfə “Yarmarkalar Kuboku”nun qalibi olub. O, “İnter”lə 3 dəfə A Seriyasını, 2 dəfə Avropa Çempionlar Kubokunu və 2 dəfə də Qitələrarası Kuboku qazanıb.
1964-cü ildə Suares İspaniya yığması ilə Avropa çempionatının qalibi olub.
Luis Suares “Barselona”nın tarixində “Qızıl top”un qalibi olmuş ilk futbolçudur. 1960-cı ildə Suares səsvermədə Fetents Puşkaş və Uve Zeeleri qabaqlayaraq “Qızıl top”un qalibi olub. Luis Suares həm də İspaniyada doğulmuş ispan olaraq bu mukafatı qazanmış ilk futbolçudur. Suaresə qədər 1957-ci ildə Alfredo Di Stefano da “Qızıl top”un qalibi olub, amma Di Stefano Argentinada dünyaya gəlib.
Məşqçilik karyerası ərzində Suares, müxtəlif vaxtlarda üç dəfə “İnter”i çalışdırıb. Suares həmçinin “Sampdoriya”, SPAL, “Komo”, “Deportivo La-Korunya”, “Albasete” klublarını, İspaniyanın 21 yaşlı futbolçulardan ibarət yığma komandasını və İspaniya yığmasını çalışdırıb.


