Avstriyanın “Zalsburq” klubunun xorvatiyalı mərkəz yarımmüdafiəçisi Luka Suçiç bundan sonra “Real Sosyedad”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
La Liqa təmsilçisi Xorvatiya milli komandasının da üzvü olan gənc yarımmüdafiəçini 10 milyon avro müqabilində heyətinə qatıb. “Real Sosyedad”la 21 yaşlı oyunçu arasında 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Luka Suçiç Avstriyada dünyaya göz açıb və bu ölkənin müxtəlif klublarının uşaq komandalarında oynayıb. Peşəkar karyerasına “Liferinq”də başlamış yarımmüdafiəçi “Zalsburq”a 2020-ci ilin avqust ayında keçmişdi. O, bu klubun əsas komandasında 128 oyuna çıxıb, 18 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Luka, 2021-ci ilin oktyabr ayında əsas millidə debüt edib. O, Xorvatiya millisinin heyətində indiyə qədər 10 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.