“Mançester Yunayted” Niderland millisinin müdafiəçisi ilə gücləndi

İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, “qırmızı şeytanlar” Niderlandın “Feyenoord” klubunun müdafiəçisi Tayrell Malasia ilə güclənib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb.

Tayrell Malasia “Feyenoord”un öz yetirməsidir. O, 2017-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. Sol cinah müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 136 matçda 4 qol da vurub. Gənc futbolçu ötən ildən cəlb olunduğu Niderlandın əsas milli komandasında da 5 oyuna çıxıb.

Yeri gəlmişkən, “Mançester Yunayted” qapıçısı Din Hendersonu da “Nottingem Forest” klubuna icarəyə verib. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. İngiltərə millisinin üzvü qarşıdakı mövsümü icarə əsasında “Nottingem Forest”də keçirəcək.

25 yaşlı qolkiper “qırmızı şeytanlar”ın öz yetirməsidir. O, 2015-ci ildən cəlb olunduğu əsas komandada indiyə qədər 29 matça çıxıb. Lakin futbolçu müxtəlif vaxtlarda “Stokport Kaunti”, “Qrimsbi Taun”, “Şrusberi Taun” və “Şeffild Yunayted” klublarına icarəyə verilib.

Sonda onu da qeyd edək ki, “Nottingem Forest” bu il 1999-cu ildən sonra ilk dəfə Premyer Liqaya yüksəlib.

Xəbəri sosial şəbəkələrdə paylaş: