Mariya Stadnik Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Arena.az xəbər verir ki, 35 yaşlı təcrübəli idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub.

Titullu güləşçimiz Paris-2024-ə vəsiqə üçün son şansından yararlanıb. 50 kq çəkidə çıxış edən idmançımız bürünc medal uğrunda bolqarıstanlı Miqlena Selişkaya tam üstünlüklə (10:0) qalib gəlib. O, lisenziya uğrunda görüşdə isə italiyalı Emanuela Liuzzi ilə qarşılaşıb və bu dueli də vaxtından əvvəl aktivinə yazıb – 10:0.

Bu, güləşçimizə karyerasında 5-ci dəfə Olimpiadada iştirak hüququ verib. Olimpiya Oyunlarının ikiqat gümüş və ikiqat bürünc mükafatçısı çempionluq üçün 5-ci cəhdini Fransa paytaxtında reallaşdıracaq.

Onu da vurğulayaq ki, Mariya Parisdə medalçılar sırasına düşməyi bacarsa, dünya güləşi tarixinə 5 olimpiya medalı olan ilk qadın güləşçi kimi düşə bilər.

Bununla da Mariya Stadnik Azərbaycan güləşçilərinin Paris-2024-ə lisenziya sayını 12-yə çatdırıb. Onadək sərbəst güləşdə 6, yunan-Roma güləşində isə 5 vəsiqə əldə olunmuşdu.

Xatırladaq ki, Stadnik bir gün öncə 1/8 finalda Menq Hsiehə (Çin Taypeyi), 1/4 finalda Violetta Çirikə (AİN) tam üstünlüklə (11:0) qalib gəlsə də, yarımfinalda KXDR təmsilçisi Son Hyanq Kimə 3:10 hesabı ilə uduzmuşdu. O, bu səbəbdən yeganə vəsiqə uğrunda ikinci gün mübarizə aparmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Stadnik həm də Azərbaycana bütövlükdə 24-cü olimpiya lisenziyasını qazandırıb. Daha öncə 23 idmançımız bu uğura nail olmuşdu.