İtaliyanın “Sampdoriya” komandasının baş məşqçisi Marko Campaolo istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
55 yaşlı mütəxəssis və onun köməkçiləri ilə müqaviləyə xitam verilib. Onlara xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Son olaraq ötən gün doğma meydanda “Montsa”ya 0:3 hesabıyla uduzan “Sampdoriya”, bu mövsüm keçirdiyi 8 oyunda cəmi 2 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb. Ardıcıl dörd oyundur uduzan komanda 2 xalla 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. 8 oyunda cəmi 4 qol vuran Genuya təmsilçisi, öz qapısından 16 top buraxıb.
Marko Campaolo bu ilin yanvar ayından “Sampdoriya”ya rəhbərlik edirdi. Bu müddət ərzində Genuya təmsilçisi onun rəhbərliyi altında keçirdiyi 25 oyunda cəmi 6 qələbə qazanıb, 3 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb. İtaliyalı mütəxəssis 2016-2019-cu illər aralığında da “Sampdoriya”ya rəhbərlk edib.