Marko Verratti: “Luis Enrike ona gərək olmadığımı dedi”

Qətərin “Əl-Ərəbi” komandasının italyan mərkəz yarımmüdafiəçisi Marko Verratti ispan mütəxəssis Luis Enrike ilə münasibətindən danışıb.

Arena.az xəbər verir ki, Luis Enrikenin PSJ-yə gəlişi ilə Verratti satışa çıxarılmışdı.

“Mən Luis Enrike ilə danışdım və o, mənə planlarının bir hissəsi olmadığımı dedi. O, əla məşqçidir, onun qərarına və dürüstlüyünə hörmət edirəm.

O, mənə komandanı tamamilə dəyişmək istədiyini söylədi. Mən 11 il PSJ-də oynamışam, o isə yeni nəsə istəyirdi. Mənim üçün heç vaxt təsadüfən heç nə baş vermir”, deyə Verratti bildirib.

Verratti PSJ-yə 2012-ci ildə qoşulub. İtalyan yarımmüdafiəçi geridə qalmış 2022/2023 mövsümündə PSJ-nin heyətində 38 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Verrattinin PSJ-nin heyətində ümumi statistikası isə belədir: 416 oyun, 11 qol, 61 məhsuldar ötürmə.

İtalyan yarımmüdafiəçi PSJ ilə xeyli qənimət qazanıb: 9 dəfə Fransa çempionatını, 6 dəfə Fransa Kubokunun, 6 dəfə Fransa Liqa Kubokunun, 9 dəfə Fransa Super Kubokunun qalibi olub.

Cari ilin sentyabrında Marko Qətərin “Əl-Ərəbi” klubu ilə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Ərəblər Verrattinin transferi müqabilində PSJ-yə 45 milyon avro ödəyiblər. İtalyan yarımmüdafiəçi yeni mövsümdə “Əl-Ərəbi”nin heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Marko Verratti 2012-ci ilin avqustunda debüt etdiyi İtaliya yığmasının heyətində 55 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. Marko “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa Çempionatını qazanıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Marko Verrattini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: