“Liverpul”, “Atletiko” və bir neçə Səudiyyə Ərəbistanı klubu PSJ-nin mərkəz yarımmüdafiəçisi Marko Verratti üçün mübarizəyə girişiblər.
Arena.az bu barədə “Marca”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Madriddən olan “döşəkçilər” artıq Paris klubuna təklif də ünvanlayıblar. PSJ öz növbəsində “tas” müəyyən edib – ən azı 70 milyon avro qarşılığında parislilər italyan yarımmüdafiəçisi ilə ayrılmağa hazırdırlar. İngiltərə nəhəngi “Liverpul” iddiasına rəğmən, hələ təkliflə çıxış etməyib.
Avropa nəhəngələri ilə yanaşı, bütün ulduzları Səudiyyə Ərəbistanına dartıb aparmağa çalışan ərəb klubları da Marko Verrattini hədəfləyiblər, lakin bu klubların adı açıqlanmır. Öz növbəsində Verrattinin Avropanı tərk etmək istəyində olmadığı vurğulanır.
Geridə qalmış 2022/2023 mövsümündə Marko Verratti PSJ-nin heyətində 38 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. O, parislilərlə Fransa çempionluğunu qazanıb.
Verrattinin Paris klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 30 yaşlı Marko Verrattini 40 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl PSJ-nin cari transfer pəncərəsində istənilən futbolçusunu satmağa hazır olduğu məlum olub.


