“Samsunspor”un baş məşqçisi Markus Gisdol Super Liqanın 9-cu turunda “Kasımpaşa” ilə oyuna iki ciddi itki ilə çıxacaqlarını söyləyib.
Arena.az xəbər verir ki, alman mütəxəssis Zəki Yavru və Qaetan Lauranın uzun müddətə sıradan çıxdığını bəyan edib.
54 yaşlı məşqçinin sözlərinə görə, Zəki Yavru 1, Qaetan Laura isə 4 ay komandaya kömək edə bilməyəcək:
“Zədəli futbolçularımızdan Landri Dimata gələn həftə komanda ilə məşqlərə başlayacaq. Qaetan Laura zədəsi səbəbindən ən azı 3-4 ay bizimlə olmayacaq. Zəki Yavrunun müalicəsinin son mərhələsini gözləmək lazımdır. O, 3-4 həftə aramızda olmaya bilər”.
Markus Gisdol şənbə günü – dekabrın 9-da qarşılaşacaqları “Kasımpaşa” ilə oyuna rəqibin də itkilərlə çıxacağını bildirib: “Rəqibimizin də cəzalı və zədəli oyunçuları var. Onlar da daha əvvəl yaşadığımız vəziyyəti yaşayır. Start heyətdə bəzi dəyişikliklər etməli olacaqlar. Fərdi olaraq çox yaxşı oyunçuları var, xüsusilə hücum zonasında. Biz bunu bilirik və çox diqqətli olmalıyıq. Əvvəlki matçlarda olduğu kimi, gücümüzə diqqət yetirməli və plan qurmalıyıq. Futbolda fərdi səhvlər qaçılmazdır. Amma biz bir komandayıq. Birlikdə müdafiə olunur və hücuma keçirik. İstər qol vuranda, istərsə də qol buraxanda, bunu birlikdə edirik. Komanda olaraq qazanırıq, uduzanda komanda olaraq uduzuruq. Məşqçi olaraq həm məğlubiyyəti, həm də qələbəni bir nəfərin üzərinə atacaq bir struktur yoxdur. Bizə lazım olan “Kasımpaşa” ilə matçda ən yaxşı oynunumuzu göstərərək qalib gəlməkdir. Bu yolda azarkeşlərimizin də dəstəyinə çox ehtiyacımız olacaq. Onlar indiyə qədər bunu çox yaxşı bacardılar. Onların bu matçda da eynisini göstərmələrini istəyirik. Azarkeşlərin komandaya dəstəyindən çox məmnunuq. İnanılmaz azarkeşlərimiz var. Azarkeşlərimizə indiyə qədər göstərdikləri dəstəyə görə təşəkkür edirik”.
Bahar Rüstəmzadə


